news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2025

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində anım mərasimi keçirilmişdir

2025-ci ilin 26 fevral tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində anım mərasimi keçirilmişdir.      

          Mərasimdə İraq Nümayəndələr Şurasının insan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, tanınmış ədəbiyyatşünas və tənqidçi alim doktor Sadiq Əl-Cəmal, Bağdad Universitetinin professoru Ğada Hadi, “Əs-Sadaka” qəzetinin redaktoru Fəlah Əl-Mərsumi, Kərkükün “Türkməneli” qəzetinin redaktoru Sabah Kərküki, “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor doktor Mutaz Muhi Əbdülhəmid və digər qonaqlar iştirak etmişlər.

          İlk olaraq, Xocalı soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

          Mərasimi giriş nitqilə açan Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər svilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu diqqətə çatdırmışdır.

          E.Məmmədzadə qeyd etmişdir ki, ermənilərin havadarları və müstəqil dövlətimizin olmasını qəbul edə bilməyən məkrli dairələr ölkəmizin dinc əhalisinə qarşı Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi acı faciələr törətmişlər.

          Müvəqqəti işlər vəkili əliyalın insanların, qadınların, körpələrin düşmən qarşısında müdafiəsiz qaldığını, ümumilikdə 613 nəfər dinc azərbaycanlının qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin indiyədək məlum olmadığını bildirmişdir.

          E.Məmmədzadə həmçinin, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması istiqamətində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır.

          Daha sonra, komitə sədri Ə.Salihi ilk olaraq, Uca Tanrıdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyərək, Xocalı soyqırımının insanlıq əleyhinə amansız cinayət kimi tanınması üçün xarici ölkələr, xüsusən də islam ölkələri tərəfindən bu qətliama siyasi qiymətin verilməsi, o cümlədən bu faciəni törədənlərin beynəlxalq məhkəmələr qarşısında cavab verməsinin vacibliyini vurğulamışdır.

          Komitə sədri eyni zamanda, Xocalı faciəsinin qəm-qüssə ilə xatırlandığını bildirsə də, Xocalıların qanının yerdə qalmadığını, bütün dünya ölkələrinin Azərbaycanı qalib ölkə kimi tanıdığını bildirmişdir.

          Mərasim iştirakçıları çıxışları zamanı istər Səddam rejimi dövründə, istərsə də “İŞİD” terrorçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmiş ərəblər, türkmənlər, xristianlar, yezidilər, şabaklar, o cümlədən digər milli azlıqlar barədə məlumat vermiş, eləcə də minlərlə insanın itkin düşdüyünü, kütləvi edamlar, cinsi zorakılıq və işgəncələrin həyata keçirildiyini qeyd edərək, Azərbaycan xalqının hüznünü dərindən anladıqlarını və Xocalı soyqırımı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini və ailələrinin dərdlərinə şərik olduqlarını bildirmişlər.

          Mərasim zamanı həmçinin, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti barədə mərasim iştirakçılarına məlumat verilmiş, anım günü ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti