02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında tarixi dostluq əlaqələri mövcuddur. Ötən illər ərzində İraq və İraqın Kürdüstan Regionu ilə uğurlu siyasi dialoq təşəkkül tapmışdır. Bunun nəticəsi olaraq, Azərbaycan-İraq münasibətləri siyasi, iqtisadi, mədəniyyət və digər sektorlarda müsbət məcrada inkişaf edir və yeni imkanların kəşf edilməsi üçün fəal təmaslar həyata keçirilir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində İraq Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə işgüzar və rəsmi səfərləri: 1-3 mart, 19 noyabr 2023 - rəsmi səfər, 11-14 noyabr 2024
- İraq Respublikasının Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzaninin ölkəmizə işgüzar səfərləri: 18 iyul 2023, 11-13 noyabr 2024
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri: 10 fevral 2014
- İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin rəsmi səfəri: 22-24 dekabr 2011
- İraq Respublikasının xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin işgüzar səfəri: 24-26 oktyabr 2019
- İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin işgüzar səfəri: 5-6 iyul 2023, 11-14 noyabr 2024