Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilmişdir
2025-ci ilin 15 fevral tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Bağdadın mərkəzində 1917-ci ildə inşa edilmiş və tarixi memarlıq abidəsi sayılan “Beyt Əl-Vattar” irs evində XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli 4274 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sifarişi ilə Dövlət Tərcümə Mərkəzi tərəfindən tərcümə edilmiş və İordaniyanın zəngin ənənəsi olan “Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilmişdir.
Təqdimat mərasimində İraq Nümayəndələr Şurasının insan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, İraqın aparıcı Füzulişünas alimləri, Əl-Mustansariyyə Universitetinin professoru doktor Sübhi Nasir, İmam Kazım Universitetinin professoru doktor Nazlı Əl-Ciburi, İraq yazıçıları və ədəbiyyatşünasları birliyinin sədri professor Əli Favaz, tanınmış ədəbiyyatşünas və tənqidçi alim doktor Sadiq Əl-Cəməl, Bağdad Universitetinin professorları Yıldız Mustafa və Ğada Hadi, “Əs-Sadaka” qəzetinin redaktoru Fəlah Əl-Mərsumi, “Beyt Əl-Hikmə” beyin mərkəzinin professoru doktor Rza Əl-Musəvi, “Onok” qəzetinin redaktoru Əli Cabbar Atiyyə, Kərkükün “Türkməneli” qəzetinin redaktoru Sabah Kərküki, Kərkük Universitetinin professoru Nəbil Şahin Məhəmməd, Şimal Texniki Universitetinin professoru Savaş Əziz, türkmən şair İhsan Cihad Bayatlı və Kərkükün “mədəniyyət üfüqləri” qəzetinin redaktoru Adnan Əl-Bayati iştirak etmişlər.