news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşid ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin 23 sentyabr tarixində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşid ilə görüşmüşdür.

 

İraq Prezidenti dövlətimizin başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırmışdır.

 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirmiş və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini demişdir. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulamışdır.

 

Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlanmışdır.

 

Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunulmuş, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti