Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov İraq Respublikası baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşmüşdür
2026-cı ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov İraq Respublikası baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşərək, etimadnamələrinin surətini naziri təqdim etmişdir.
Nazir səfiri salamlayaraq, onu təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Fuad Hüseyn eyni zamanda salamlarının və xoş arzularının Azərbaycanlı həmkarı Ceyhun Bayramova çatdırılmasını xahiş edərək, Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulamışdır.
Nazir indiyədək müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dost Azərbaycanda 4 dəfə səfərdə olduğunu və 2025-ci ilin ikitərəfli münasibətlərin tarixində əlamətdar il olduğunu bildirmişdir. İraqlı nazir iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını, bu baxımdan 2025-ci ildən etibarən Bağdad-Bakı istiqamətində AZAL və İraq hava yolları şirkətlərinin həyata keçirdiyi reyslərin əhəmiyyətini vurğulamışdır.
Səfir E.Səlimov nazirə təşəkkürünü ifadə edərək, iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Səfir 7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İraq Respublikasına həyata keçirdiyi rəsmi səfər, 20 aprel 2025-ci il tarixində Bağdadda keçirilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası və 3-4 dekabr 2025-ci il tarixlərində Bakıda keçirilmiş Hökumətlərarası birgə komissiyanın 4-cü iclasının vacibliyini qeyd edərək, Bakı ilə Bağdad arasında özünəməxsus yüksək səviyyəli əlaqələrin və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.