Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov etimadnaməsini İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim etmişdir
2026-cı ilin 22 yanvar tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimovu qəbul etmişdir. Səfir etimadnaməsini təqdim edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdırmışdır.
Əbdüllətif Camal Rəşid səfiri salamlayaraq, onu təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Prezident salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-prezidenti xanım Mehriban Əliyevaya çatdırılmasını xahiş edərək, Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulamışdır.
Prezident indiyədək Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını, bu baxımdan 2025-ci ildən etibarən Bağdad-Bakı istiqamətində AZAL və İraq hava yolları şirkətlərinin həyata keçirdiyi reyslərin əhəmiyyətini vurğulamış və ölkələrimizin digər şəhərləri arasında da birbaşa hava əlaqələsinin yaradılmasının vacib olduğunu bildirmişdir.
Səfir E.Səlimov Prezidentə təşəkkürünü ifadə edərək, iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Səfir son illər ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, 20-21 noyabr 2023-cü il tarixlərində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə həyata keçirilən rəsmi səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd etmişdir.
Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.