Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir
2025-ci ilin 27 may tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi tərəfindən Bağdadın 5 ulduzlu “Babylon Rotana” otelində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə dövlət və hökumət rəsmiləri, parlamentin komitə sədrləri, millət vəkilləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, türkmən soydaşlarımız, jurnalistlər iştirak etmişlər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın İraqdakı Səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə çıxış edərək, 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, qısa müddətdə müstəqil, demokratik dövlət quruculuğunda, ilk parlament və hökumətin, dövlət aparatının və idarəetmə institutlarının yaradılmasında, ölkənin sərhədlərinin müəyyən edilməsində, yüksək döyüş qabiliyyətinə malik hərbi hissələrin yaradılmasında, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsində əldə olunmuş nailiyyətlərdən danışmışdır. E.Məmmədzadə Cümhuriyyət dövründə Azərbaycanın bayrağı, himninin qəbul edildiyini və Azərbaycan dilinin dövlət dili elan olunduğunu qeyd etmişdir.
Müvəqqəti işlər vəkili 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyini bildirərək, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal layihələrdən danışmış, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdirdiyini qeyd etmişdir.
E.Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasətin öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirmişdir.
Müvəqqəti işlər vəkili Azərbaycanın bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a növbəti ev sahibliyi etmək hüququ qazanmasının ölkənin iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin, səylərinin tanınmasının bariz nümunəsi olduğunu bildirmişdir.
Ölkəmizin çoxvektorlu müstəqil xarici siyasətinin əsas strateji hədəfinin Azərbaycanın bir ölkə kimi, daha sonra isə Cənubi Qafqazın region kimi əməkdaşlıqdan maksimum fayda əldə etməyə imkan verən mərkəzə çevrilməsi, maraqların uzlaşdırılması, coğrafi mövqeyi və geostrateji xüsusiyyətlərinin qorunması olduğunu bildirən E.Məmmədzadə, Prezident İlham Əliyev tərəfindən formalaşdırılan uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri, Avropa İttifaqının əsas enerji tərəfdaşı, regional iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi, böyük qonşularının maraqlarını uzlaşdıran tərəfdaş ölkə statusuna yüksələ bildiyini vurğulamışdır.
Azərbaycan-İraq ikitərəfli əlaqələrindən söhbət açan müvəqqəti işlər vəkili, Azərbaycanla İraq arasında mədəni, dini və tarixi dostluq əlaqələrinin hazırda elm, təhsil, mədəniyyət, iqtisadiyyat, energetika, investisiya sahələrini əhatə etdiyini, siyasi münasibətlərimizin ikitərəfli əsasda, eləcə də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirildiyini qeyd etmişdir.
E.Məmmədzadə İraq Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələr sırasında olduğunu, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlərin qurulduğunu və SSRİ dövründən Bakıda fəaliyyət göstərən İraqın Baş Konsulluğunun 1992-ci ildə Səfirlik statusuna qaldırıldığını bildirmişdir. Üç il öncə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən diplomat, Azərbaycanın xarici siyasət xəttində İraqın prioritet istiqamətlərindən olduğunu, İraqın beynəlxalq təşkilatlar, xüsusilə də İƏT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsinin islam aləmində, o cümlədən ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərdiyini diqqətə çatdırmışdır.
E.Məmmədzadə son illər ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, İraq Respublikasının Prezidenti Əbdüllətif Cəmal Rəşidin 2023 və 2024-cü illərdə ölkəmizə həyata keçirdiyi 3 səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını, 2025-ci ilin 7 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İraqa həyata keçirilmiş rəsmi səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın potensialının müəyyən edilməsi baxımından səmərəli olduğunu, Azərbaycanın İraqın energetika, infrastruktur, qida sənayesi, kənd təsərrüfatı, nəqliyyat və tikinti sahələrinə investisiya qoyuluşu etməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.
E.Məmmədzadə Azərbaycan Respublikasının Bağdaddakı Səfirliyinin fəaliyyətinə hər zaman dəstək olan İraq Respublikasının Prezidentinə, Baş nazirinə, xarici işlər nazirinə və Nazirliyin əməkdaşlarına, İraq Parlamenti və Nazirlər Şurasının üzvlərinə və digər dövlət və qeyri-dövlət təşkilatlarına dərin təşəkkürünü ifadə etmişdir.
Rəsmi çıxışlardan sonra ölkəmizə və müstəqillik gününə həsr olunmuş 2 video çarx nümayiş etdirilmişdir.